“Sosial layihələr” müsabiqəsinin keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1 “Sosial layihələr” müsabiqəsinin keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq müqavilələrdə göstərilən dayanıqlı inkişaf məqsədlərinə və hədəflərə nail olmaq üçün sosial layihələrə maliyyə dəstəyinin ayrılması məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (bundan sonra - “Regional Inkişaf” İctimai Birliyi) tərəfindən 2019-cu il üzrə keçirilən müsabiqənin təşkili qaydalarını müəyyən edir.
1.2. Qaydaların qəbul edilməsində məqsəd “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən müsabiqədə iştirakçılar üçün bərabər imkanlar yaratmaqdan, habelə müsabiqənin şəffaf və obyektiv keçirilməsini təmin etməkdən ibarətdir.
1.3. Müsabiqə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil olunur.
1.4. Müsabiqənin büdcəsi kommersiya hüquqi şəxslərinin korporativ sosial məsuliyyət layihələri çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinə ayıracaqları maliyyə vəsaitləri (ianələr) hesabına formalaşır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. sosial layihə - cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq müqavilələrdə göstərilən dayanıqlı inkişaf məqsədlərinə və hədəflərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində həyata keçirilməsi təklif olunan təşkilati və sosial tədbirlərin (fəaliyyətlərin) məcmusu;
2.1.2. Dayanıqlı inkişaf məqsədləri (bundan sonra-DİM) - Birləşmiş Millətlər Təşkilatının (bundan sonra-BMT) “2030-cu ilədək dayanıqlı inkişaf Gündəliyi”ndə əks olunmuş dayanıqlı inkişaf məqsədləri;
2.1.3. hədəflər - DİM-nə çatmaq üçün BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf Gündəliyi”ndə müəyyən olunmuş hədəflər;
2.1.4. müsabiqə - “Regional Inkişaf” İctimai Birliyi tərəfindən sosial layihələrə maliyyə dəstəyini təmin etmək məqsədilə keçirilən müsabiqə;
2.1.5. müsabiqə iştirakçısı - layihə çərçivəsində “Regional İnkişaf” İctimai Birliyindən maliyyə dəstəyi almaq üçün müraciət edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı (bundan sonra-QHT), ali təhsil müəssisəsi, peşə və orta ixtisas təhsili müəssisəsi (kollec), elmi-tədqiqat təşkilatı, könüllülər hərəkatı, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyəti və tələbə gənclər təşkilatı;
2.1.6. layihə üzrə məsul şəxs - bu Qaydaların 2.1.5-ci bəndində göstərilən iştirakçını müsabiqədə təmsil etmək və layihənin təqdimatını keçirmək səlahiyyəti verilmiş fiziki şəxs;
3. Müsabiqədə iştirak üçün şərtlər
3.1. Müsabiqə iştirakçıları müsabiqəyə bir neçə layihə təqdim edə bilər.
3.2. Müsabiqəyə eyni iştirakçı tərəfindən bir neçə layihə təqdim olunduqda hər layihə üzrə ayrı-ayrı məsul şəxslər təyin edilməlidir. Bir məsul şəxsin müsabiqədə bir neçə layihənin təqdimatını keçirməsinə yol verilmir.
3.3. Müsabiqəyə təqdim olunan layihə cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq müqavilələrdə göstərilən dayanıqlı inkişaf məqsədlərindən və hədəflərindən birinə uyğun olmalı, ayrılmış maliyyə vəsaiti yalnız layihənin məqsəd və vəzifələrinə uyğun istifadə olunmalıdır.
3.4. Müsabiqənin keçiriləcəyi tarixləri müsabiqənin Təşkilat Komitəsi müəyyən edir.
3.5. Layihələr elektron formada, bu Qaydalarla müəyyənləşdirilmiş müsabiqə iştirakçılarının müsabiqədə qeydiyyatı formasına uyğun şəkildə qəbul edilir. Layihələrin qəbul edilməsinin son tarixi Təşkilat Komitəsinin qərarı ilə dəyişdirilə bilər.
3.6. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr bu Qaydalara əsasən əlavə və ya təkrar maliyyələşdirilə bilməz. "Regional Inkişaf” İctimai Birliyinin yazılı razılığı ilə yol verilən hallar istisna olmaqla, “Regional Inkişaf” İctimai Birliyi tərəfindən bu müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin digər donorlar tərəfindən əlavə və ya təkrar maliyyələşdirilməsinə yol verilmir.
3.7. Müsabiqəyə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, habelə DİM və hədəflər ilə bağlı dövlət siyasətinin istiqamətləri və bu Qaydalarla ziddiyyət təşkil etməməlidir.
3.8. Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələrin müsabiqədə iştirakına yol verilmir.
3.9. QHT-lərin filial və şöbələri mərkəzi təşkilatın yazılı razılığı ilə, həmçinin, könüllülər hərəkatları, tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları aid olduqları qurumun təsdiq sənədi əsasında müsabiqədə iştirak edə bilərlər.
4. Müsabiqədə iştirakçılarının qeydiyyatı və layihə təkliflərinin qəbulu
4.1. Müsabiqədə iştirak etmək üçün bu Qaydaların 2.1.5-ci bəndində göstərilən iştirakçılar “Regional İnkişaf” İctimai Birliyinin internet səhifəsinin musabiqe.riib.az bölməsində əks olunan formaya uyğun olaraq elektron qaydada qeydiyyatdan keçməlidirlər.
4.2. Qeydiyyat zamanı aşağıdakı sənədlər elektron qaydada əlavə olunur:
4.2.1. müsabiqəyə təqdim olunan layihə;
4.2.2.müraciət edən hüquqi şəxsin müvafiq dövlət reyestrindən çıxarışının surəti;
4.2.3. hüquqi şəxsi müsabiqədə təmsil etmək üçün layihə üzrə məsul şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti (layihənin adı, məsul şəxsin soyadı, adı və atasının adı göstərilməklə);
4.2.4. tələbə elmi cəmiyyətinin, tələbə gənclər təşkilatının aid olduğu təhsil müəssisəsinin, könüllülər hərəkatları üçün könüllü fəaliyyətin təşkilatçısı olan qurumun təsdiq sənədinin surəti.
4.3. Bu Qaydaların 4.2-ci bəndində qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, yaxud təqdim edilmiş sənədlərdən hər hansı biri qanunvericiliyin tələblərinə uyğun olmadıqda müsabiqədə iştiraka yol verilmir.
4.4. Müsabiqəyə təqdim olunan layihədə aşağıdakılar göstərilir:
4.4.1. layihənin adı;
- qısa təsviri və məqsədi;
- benefisiar qrupu;
- əhatə edəcəyi ərazi;
- görüləcək işlər;
- icra müddəti;
- icrasından gözlənilən nəticələr,
- büdcəsi və ya xərclər smetası.
4.5. Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən tələblərə uyğun tərtib olunmayan layihələr texniki yoxlama mərhələsində müsabiqədən kənarlaşdırılır.
5. Müsabiqənin keçirilməsi və layihələrin qiymətləndirilməsi
5.1. Müsabiqənin keçirilməsinə və maliyyə dəstəyi ayrılmış layihələrin icrasına nəzarəti Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə rəhbərliyi və fəaliyyətinə nəzarəti Təşkilat Komitəsinin sədri həyata keçirir.
5.2. Müsabiqəyə təqdim olunan layihələr Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən texniki yoxlamadan keçirilir. İşçi qrupunun fəaliyyətinə ekspert və mütəxəssislər də cəlb edilə bilər.
5.3. Texniki yoxlamadan keçən layihələr tərkibi Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş Münsiflər heyətinə (bundan sonra-münsiflər) təqdim olunur. Münsiflər öz fəaliyyətində müstəqildir.
5.4. Texniki yoxlamadan keçməyən, həmçinin, qiymətləndirməyə təqdim olunan layihələr barədə müsabiqə iştirakçılarına elektron formada məlumat göndərilir.
5.5. Münsiflər texniki yoxlamadan keçmiş layihələri layihə üzrə məsul şəxsin layihə təqdimatı əsasında qiymətləndirir. Qiymətləndirmə layihə üzrə məsul şəxsin təqdimatı, layihənin cəmiyyətin sosial inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması, regionların sosial inkişafı ilə bağlı olması, layihə çərçivəsində görüləcək işlərin reallığı, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi və maliyyə səmərəliliyinin uyğunluğu kimi meyarlar nəzərə alınmaqla aparılır.
5.6. Müsabiqədən keçməyən layihələr barədə müsabiqə iştirakçılarına elektron formada məlumat göndərilir.
5.7. Münsiflərin qiymətləndirməsi zamanı müsabiqədən keçən layihələr maliyyələşdirilməsi məsələsinə baxılmasından ötrü Təşkilat Komitəsinə təqdim olunur.
5.8. Münsiflərin qiymətləndirməsi əsasında müsabiqədən keçən layihələrin maliyyələşdirilməsi haqqında qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir.
5.9. Müsabiqədən keçən iştirakçılar və layihələr barədə məlumatlar “Regional İnkişaf” İctimai Birliyinin internet səhifəsində yerləşdirilir.
6. Layihələrin maliyyələşdirilməsi
6.1. Təşkilat Komitəsi müsabiqənin nəticələri elan edildikdən sonra maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilənin imzalanma tarixini müəyyən edir.
6.2. Maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı “Regional İnkişaf” İctimai Birliyi ilə müsabiqənin qalibi arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə bağlanılır. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinin və bu Qaydaların tələbləri nəzərə alınmaqla, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən hazırlanır, tərəflərə təqdim olunmaq üçün eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə imzalanır.
6.3. Müqavilədə müqavilənin predmeti, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, layihənin məqsədi, qısa məzmunu, layihənin icra edilmə mərhələləri və icra müddəti, layihənin icra ediləcəyi inzibati ərazi vahidi, layihənin maliyyələşdirilmə həcmi və qaydası, tərəflərin rekvizitləri ilə yanaşı, layihənin icrası ilə bağlı hesabatların təqdimedilmə müddəti və monitorinq qaydaları da qeyd olunur.